BAKI, 31 yanvar. TELEQRAF

TƏBİB Goranboyda bıçaqlanan Jalə Yolçuzadənin durumunu açıqlayıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq qurumdan məlumat verilib.

Bildirilib ki, yanvarın 31-i gecə saat 05:30 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.

Qeyd olunub ki, başın, döş qəfəsinin və kürəyin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

***

08:25

Goranboy rayonunda bir gündə iki qadının bıçaqlanması ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə rayonun Fəxralı kəndində qeydə alınıb. İlkin məlumata görə, 1963-cü il təvəllüdlü Zoya Əhmədova və 1995-ci il təvəllüdlü Jalə Yolçuzadə bıçaq xəsarətləri alıb.

Hadisə zamanı Zoya Əhmədova aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər zərərçəkən isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Cinayəti törətməkdə 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlunun şübhəli olduğu bildirilir. Məlumata görə, o, ölən qadının oğludur. Ağır xəsarət alan 1995-ci il təvəllüdlü Jalə Yolçuzadənin isə şübhəli şəxsin həyat yoldaşı olduğu qeyd olunur. Zərərçəkən qadının iki uşaq anası olduğu bildirilir.

Qeyd edilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri var.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin təfərrüatları dəqiqləşdirilir.