BAKI, 30 yanvar. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Tehranın nüvə proqramı ətrafında yaranmış böhranı aradan qaldırmaq üçün ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

A. Əraqçı vurğulayıb ki, İran heç vaxt nüvə silahı əldə etmək niyyətində olmayıb və belə silahların ölkənin təhlükəsizlik siyasətində yeri yoxdur:

"Nüvə proqramının dinc xarakterini göstərmək və etimad yaratmaq məsələsində Tehran keçmişdə olduğu kimi, hazırda da açıqdır. İran yalnız bərabər mövqedən, qarşılıqlı maraqlar və hörmətə əsaslanan ədalətli danışıqlar çərçivəsində nüvə dialoquna başlamağa hazırdır. Bu yanaşma İranın bölgədə sabitliyi qorumaq və qlobal iqtisadiyyata inteqrasiya olunmaq niyyətinin göstəricisidir".