BAKI, 28 yanvar. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında Fələstin dövlətinin yaradılmasına yol verilməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Netanyahu yerli televiziya kanallarında yayımlanan mətbuat konfransında açıqlama verib.
“Bizim Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verəcəyimiz barədə bəyanatlar səslənir. Bu baş verməyib və baş verməyəcək”, - deyə İsrailin hökumət başçısı vurğulayıb.
Onun sözlərinə görə, HƏMAS-ın tərksilah edilməsi və Qəzza zolağının demilitarizasiyası həyata keçirilmədən anklavın bərpasına imkan verilməyəcək. Netanyahu həmçinin Qəzzada Türkiyə və Qətər hərbçilərinin mövcudluğuna da icazə verilməyəcəyini bildirib.
Baş nazir qeyd edib ki, İsrail İordan çayından Aralıq dənizinə qədər bütün ərazi üzərində təhlükəsizlik nəzarətini saxlayacaq və bu yanaşma Qəzza zolağına da şamil olunacaq.
Netanyahu əlavə edib ki, yanvarın 26-da Qəzzadan son girov Ran Qvilinin cəsədinin qaytarılmasından sonra İsrail HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın demilitarizasiyası kimi qalan iki əsas vəzifənin icrasına fokuslanıb.