BAKI, 25 yanvar. TELEQRAF

İsrailin baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin Prezidenti İsxak Hersoqun Davosda Sülh Şurasının nizamnaməsinin imzalanması mərasimində iştirakına imkan verməyib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Məlumata görə, Ağ Ev Netanyahuya göndərdiyi dəvətnamədə mərasimdə baş nazirin, prezidentin və ya onların başqa bir nümayəndəsinin iştirak edə biləcəyini bildirib. Lakin Netanyahu özü Qəzza zolağında hərbi cinayətlərdə iştirakla bağlı Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı həbs orderinə görə Davosa gedə bilməyib. Bu səbəbdən Vaşinqton administrasiyasının nümayəndələri mərasimində İsrail tərəfdən prezident İsxak Hersoqun iştirak etməsi üçün iki dəfə rəsmi müraciət ediblər.

Məlumata əsasən, tərəflər arasında gərgin müzakirələr aparılıb. Netanyahu isə ABŞ Prezidenti Donald Trampdan daxil olan dəvətin şəxsən ona ünvanlandığını israrla bildirib və nəticədə Hersoqun mərasimdə iştirakına faktiki olaraq imkan verməyib.

Nəticədə İsrail ümumiyyətlə Sülh Şurasının nizamnaməsinin imzalanması mərasimində təmsil olunmayıb.