BAKI, 23 yanvar. TELEQRAF
Gürcüstanda parlament seçkiləri Konstitusiyada nəzərdə tutulmuş müddətdə keçiriləcək, növbədənkənar seçkilər planlaşdırılmır.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze "Imedi" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda növbədənkənar seçkilərin keçirilməsindən ehtiyat edən tərəf məhz müxalifətdir və onlar artıq bu tələbi gündəmdən çıxarıblar.
“Biz konstitusion müddətlərə əməl etməyi planlaşdırırıq. Öz prinsiplərimiz və qaydalarımız var və hesab edirik ki, Gürcüstanda siyasi proseslər Konstitusiyaya uyğun şəkildə baş verməlidir. Buna görə də parlament seçkilərinin 28 oktyabr 2028-ci ildə mütləq keçiriləcəyini düşünürük”, - deyə Kobaxidze vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda son parlament seçkiləri 26 oktyabr 2024-cü ildə keçirilib. Seçkilərin nəticələrinə əsasən, 2012-ci ildən hakimiyyətdə olan “Gürcü Arzusu” partiyası qalib gələrək 150 yerlik parlamentdə 89 mandat qazanıb. Parlamentə düşən dörd müxalifət partiyası isə qanunverici orqanın fəaliyyətində iştirakdan imtina edib.