BAKI, 17 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynada müharibənin dayandırılması ilə bağlı gələcək sülh sazişinin icrasına nəzarət edəcək "Sülh Şurası"nın yaradılması imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, “Sülh Şurası”nın əsas vəzifəsi gələcək sülh planının icrasını təmin etmək və onun yerinə yetirilməsinə nəzarət etmək olacaq. Qeyd edilib ki, bu mexanizm daha əvvəl ABŞ Prezidentinin vasitəçiliyi ilə razılaşdırılmış Qəzza üzrə sülh planının tərkib hissəsi kimi gündəmə gətirilib. Həmin plan çərçivəsində yaradılması nəzərdə tutulan quruma Donald Trampın özü rəhbərlik etməli və gələcəkdə Fələstin anklavının idarə olunmasının koordinasiyasını həyata keçirməlidir.
Nəşrə danışan və ABŞ ilə danışıqlarda iştirak edən yüksək vəzifəli ukraynalı rəsminin sözlərinə görə, oxşar "Sülh Şurası"nın Ukrayna üçün də yaradılması təklif olunur və bu quruma da ABŞ Prezidentinin rəhbərlik etməsi nəzərdə tutulur.