BAKI, 17 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdlərində iştirak etmiş şəxslər Avropada iri enerji layihəsi uğrunda danışıqlar aparırlar.

Teleqraf xəbər verir ki, "The Guardian" nəşrinin yazdığına görə, Trampın seçki kampaniyası çərçivəsində hüquqi proseslərdə iştirak etmiş və Co Baydenin qələbəsini şübhə altına almağa çalışan hüquqşünas Cessi Binnall və Co Baydenin qələbəsinə qarşı fəaliyyət göstərmiş Co Flinn bu həftə Bosniya və Herseqovinada olublar.

Məlumata görə, onlar Balkan regionunun Rusiya qazından asılılığını azaltmaq məqsədi daşıyan “Cənub Qaz İnterkonnektoru” layihəsi üzrə danışıqlar aparıblar. Təxminən 200 milyon dollar dəyərində olan layihə Bosniya və Herseqovinanı Xorvatiyanın Adriatik sahilində yerləşən mayeləşdirilmiş təbii qaz terminalı ilə birləşdirməyi nəzərdə tutur.

Binnall bildirib ki, onun və Flinnin təmsil etdiyi AAFS Infrastructure and Energy şirkəti hələlik müqaviləni qazanmayıb və Bosniya rəsmiləri ilə görüşlər ilkin xarakter daşıyıb. Onun sözlərinə görə, layihə Bosniya və Herseqovinanın enerji təhlükəsizliyini gücləndirə və regionun Rusiya qazından asılılığını azalda bilər.

Qeyd olunur ki, AAFS Infrastructure and Energy şirkətinin enerji sektorunda ciddi təcrübəsi barədə açıq mənbələrdə məlumat yoxdur. Korporativ sənədlərə əsasən, şirkət cəmi iki ay əvvəl ABŞ-nin Vayominq ştatında qeydiyyatdan keçib.

Məqalədə bildirilir ki, Trampın ötən il yenidən hakimiyyətə qayıtmasından sonra Bosniya hakimiyyəti qaz kəmərinin ABŞ şirkətləri tərəfindən tikilməsi və idarə olunmasına razılıq verib. ABŞ-ın Sarayevodakı səfirliyi də şirkətin fəaliyyətinə diplomatik dəstək göstərib.

Cessi Binnall Trampla əlaqələrinin maraqlar toqquşması yaratması iddialarını rədd edərək, səfirliyin dəstəyinin ABŞ biznesinin xaricdə təşviqi missiyasına uyğun olduğunu bildirib.