BAKI, 11 yanvar. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Tophane-i Amire" Mədəniyyət və İncəsənət Mərkəzində təşkil olunan "Hane" İslam İncəsənəti Sərgisinin açılış mərasimində iştirak edib.

Teleqraf xəbər verir ki, dövlət başçısı çıxışında ailə dəyərləri və demoqrafik artımın vacibliyindən danışıb.

Özünü ilk növbədə "baba" kimi təqdim edən Ərdoğan ailəsinin genişliyindən məmnunluğunu ifadə edib: "Hər şeydən əvvəl, təbii ki, mən babayam. Şükürlər olsun ki, 9 nəvəm var. Bu, mənim üçün ayrı bir gözəllikdir".

Prezident ənənəvi "ən azı üç uşaq" çağırışını təkrarlayaraq, bunun güclü ailənin təməl şərti olduğunu vurğulayıb:

"Bilirsiniz, mənim davamlı işlətdiyim bir ifadə var: 'ən azı üç uşaq'. Bu, güclü bir ailənin olmazsa olmazıdır. Nəslimizi artırmalıyıq. Bu artım təkcə bizim arzumuz deyil, Rəbbimizin əmridir. Sevimli Peyğəmbərimizin bizə daimi tövsiyəsidir".

Ərdoğan ölkədəki demoqrafik vəziyyətdən narahatlığını da dilə gətirib:

"Təəssüf ki, hələ də istədiyimiz nəticəni ala bilməmişik. Hazırda gedişat yaxşı deyil. Hətta ən yaxınlarımızla söhbət edərkən görürük ki, onlar da əhalinin artımına qarşı çıxırlar. Bu, bizi ciddi şəkildə üzür. İndi ən dost bildiklərimiz belə əhali artımına qarşıdır".