BAKI, 4 mart. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) regionda hazırkı eskalasiya dövründə öz ərazisi və hava məkanının İrana qarşı hər hansı hücumlar üçün istifadə edilməsinə icazə vermədiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi xüsusi bəyanat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, İslam Respublikasının dəfələrlə hücumlarına baxmayaraq, Əmirliklər mövqeyini dəyişməyib və öz ərazisi, hava məkanı və ya ərazi sularının İrana qarşı zərbələr üçün istifadəsinə yol verməyib.

Nazirlik vurğulayıb ki, ölkə regionda gərginliyin azaldılması yollarının axtarılmasına və mehriban qonşuluq siyasətinə sadiqdir.

Bəyanatda, həmçinin qeyd olunub ki, münaqişə başlayandan bəri BƏƏ İran tərəfindən min dəfədən çox hücuma məruz qalıb.