BAKI, 11 yanvar. TELEQRAF

Avropa İttifaqı ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ABŞ-yə birləşdirmək niyyətindən geri çəkilməzsə, Amerika şirkətlərinə qarşı sanksiyaların tətbiqini müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə "The Sunday Telegraph" qəzeti mənbələrə istinadən yazıb.

Məlumata görə, mümkün məhdudiyyətlər "Meta", "Google" və "Microsoft" kimi ABŞ texnologiya nəhənglərini əhatə edə bilər. Bundan əlavə, Brüssel "X" sosial şəbəkəsinin fəaliyyətini məhdudlaşdıra, eləcə də ABŞ bankları və maliyyə şirkətlərinə qarşı restriksiyalar tətbiq edə bilər.

Qəzet qeyd edir ki, ən sərt ssenari çərçivəsində Avropa ölkələri öz ərazilərində yerləşən ABŞ hərbi bazalarının bağlanmasını da nəzərdən keçirə bilər. Bildirilir ki, bu addımlar Trampın Böyük Britaniya və aparıcı Aİ ölkələrinin Qrenlandiyada NATO missiyasının yerləşdirilməsi ilə bağlı təklifini rədd edəcəyi halda gündəmə gələ bilər.