BAKI, 17 mart. TELEQRAF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin prioritet istiqamətlərindən biri aqrar sektorda məşğul əhalinin peşə bacarıqlarının inkişafı və işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun təşkilidir.

Teleqraf xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Cəlilabad rayonunda keçirilən Aqrar Biznes Festivalının açılış tədbirində bildirib.

O, Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər sosial sahədə həyata keçirilən ardıcıl islahatların uğurlarını diqqətə çatdırıb. Həmin islahatların sosial ödənişlərdə ciddi artımlara, sosial müdafiə mexanizmlərinin əhatə dairəsinin genişlənməsinə, göstərilən dövlət xidmətlərinin operativ, şəffaf və vətəndaş mərkəzli prinsiplər əsasında təşkilinə imkan verdiyini qeyd edib.

Anar Əliyev nazirlik tərəfindən aqrar sektorla bağlı həyata keçirilən aktiv məşğulluq tədbirlərindən bəhs edib. Nazir deyib ki, kənd təsərrüfatı sahəsində çalışan şəxslərin peşə bilik və bacarıqlarının artırılması, habelə işsiz və işaxtaran şəxslərin aqrar istiqamət üzrə yeni peşə səriştələrinə yiyələnməsi məqsədilə nazirlik tərəfindən 30-dan çox peşə hazırlığı kursu təklif olunur.

Aqrar sahəyə aid 128 peşə və kvalifikasiya standartları hazırlanıb. Həmin standartlar beynəlxalq əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin hazırlanmasına və bacarıqlarının artırılmasına, habelə işəgötürənlər üçün ixtisaslı işçi qüvvəsinin seçiminə xidmət edir.

Son beş il ərzində özünüməşğulluq proqramı iştirakçılarının 65 faizinin proqram üzrə aqrar sahədə kiçik təsərrüfatlar qurduğunu qeyd edən Anar Əliyev artıq özünüməşğulluq proqramına 110 mindən çox şəxsin cəlb olunduğunu deyib. O, aqrar sahədə dayanıqlı və formal məşğulluğun genişləndirilməsi istiqamətində də tədbirlərin davam etdirildiyini bildirib.