BAKI, 17 mart. TELEQRAF
2024-cü ilin fevralında Bakının Yasamal rayonunda qazanxanada baş verən partlayışla bağlı məsuliyyətə cəlb olunan “Azəristiliktəchizat” ASC-nin sahə rəisi Həsənli Rahilin məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, məhkəmədə adıçəkilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində özü təqsirli bilməyərək qeyd edib ki, hadisə baş verən vaxtdan əvvəl əməliyyatçı öz funksiyasını yerinə yetirsəydi, partlayış baş verməyəcəkdi:
“Əməliyyatçı qazana daxil olan qazı bağlamalı və mərkəzi dispetçer xidmətinə məlumat verməli idi. Hər hansı bir işçinin öz işinə məsuliyyətsiz yanaşmasına görə mənim hazırda ittiham olunmağım düzgün deyil. Qazanxana mövsümə hazırlanıb və hər bir avadanlığın işlək vəziyyətdə olması sənədlərlə öz təsdiqini tapıb. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, qazanda təzyiq aşağı düşüb və qazan daxilində qızma çox olub. Əməliyatçı isə qazana əlavə soyuq su verdiyi üçün qazan sıradan çıxıb və hadisə baş verib”.
Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş, həmin qazanxanada əməliyyatçı vəzifəsində işləmiş şəxs isə bildirib ki, baş vermiş hadisənin yaranmasında günahkar özüdür:
“Vaxtında xəbər edə bilmədim, bəlkə də xəbər etsəydim, hadisə olmazdı. Axşam saat 8-də qazanxananı təhvil alanda hər şey normal idi. Təhvil alanda qazı yoxladım, qazın, suyun sıxıntısını, nasosu, qazanları, sayğacları yoxladım. 4 qazana nəzarət edirdim, 5-ci qazan işləmirdi. Yorulmuşdum, gecə saat 4-ə işləmiş bir balaca mürgüləmək istədim, gördüm iy gəlir çıxdım bayıra gördüm buxar çıxır, bir də qayıdıb temperatura baxdım, təzyiq 4 yarım idi, temperatur 55 idi. Mən çox təəssüf hissi keçirirəm ki, qazı bağlaya bilmədim, qazı bağlasaydım, bəlkə də partlamazdı”.
Qeyd edək ki, hadisə zamanı 10-dan çox avtomobilə maddi ziyan dəyib. Rahil Həsənlinin sözlərinə görə, dəymiş ziyan zərərçəkənlərə ödənilib. Həmin vaxt partlayış səbəbindən qazanxanın ətrafındakı binaların pəncərə şüşələri qırılıb. Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb. Hadisə zamanı qazanxananın əməliyyatçısı xəsarət alıb.