BAKI, 17 dekabr. TELEQRAF
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, Avropada yeni dominant virus ştammının yaratdığı qrip xəstəliyi əhəmiyyətli dərəcədə artır. Bu, bir neçə ölkənin səhiyyə sisteminə ciddi təsir göstərir.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
ÜST bildirib ki, Avropa regionundakı 38 ölkədən ən azı 27-si "yüksək və ya çox yüksək qrip aktivliyi" barədə məlumat verib.
Təşkilat qeyd edib ki, builki qrip mövsümü əvvəlki illərlə müqayisədə təxminən dörd həftə tez başlayıb.
ÜST həmçinin ictimaiyyəti peyvənd olunmaqla, özlərini pis hiss etdikləri təqdirdə evdə qalmaqla və tənəffüs yolları simptomları olduqda ictimai yerlərdə maska taxmaqla virusun yayılmasının qarşısını almağa çağırıb.
Təşkilat bildirib ki, yeni mövsümi qrip variantı - H3N2 "alt qrupu K" - Avropa regionunda təsdiqlənmiş bütün qrip hallarının 90%-ni təşkil edir.
ÜST-ün Avropa Regional Ofisinin direktoru Hans Kluge qrip mövsümünün pik dövrünün dekabrın sonu və ya yanvarın əvvəli olacağını bildirib.