BAKI, 9 dekabr. TELEQRAF

Ağ Evin mətbuat katibi Karolin Levitt ilə ailə bağları olan Bruna Karolin Ferreira ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) Luizianadakı saxlanma mərkəzindən girov qarşılığında azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Todd Pomerlo məlumat verib.

Pomerlo bildirib ki, İmmiqrasiya hakimi Sintia Gudmen 33 yaşlı Ferreiranın Luiziana ştatının Basil şəhərində yerləşən Cənubi Luiziana ICE Mərkəzindən azad olunmasına qərar verib.

Hakim ən aşağı məbləğ hesab olunan 1500 dollarlıq girov təyin edib. Məhkəmədə Ferreiranın vəkilləri onun nə təhlükə yaratdığını, nə də qaçma riskinin olduğunu vurğulayıblar.

Qeyd olunur ki, Ferreira oğlunu götürməyə gedərkən Nyu-Hempshir yaxınlığında saxlanılıb. Karolinin daha əvvəl Maykl Levitt ilə nişanlı olduğu deyilir. Maykl Levitt Ağ Evin mətbuat katibi Karolin Levittin qardaşıdır.