BAKI, 7 dekabr. TELEQRAF
İsrail baş naziri Benyamin Netanyahu ölkəsinin Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, o, bunu Almaniyanın kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında səsləndirib.
Netanyahunun sözlərinə görə, Fələstin dövlətinin yaradılması “yeganə yəhudi dövlətinin məhv edilməsinə yönəlmiş məqsəddir”. Baş nazir bildirib ki, İsrail üçün iki yol mövcuddur. Biri ərəb ölkələri ilə sülh prosesinin irəli aparılması, digəri isə fələstinlilərlə sabit sülhün yaradılmasıdır.
Lakin o vurğulayıb ki, İsrail öz varlığına təhdid yaradacaq bir dövlətin qurulmasına razılıq verməyəcək.
Baş nazir həmçinin qeyd edib ki, Qəzzada atəşkəsin ilk mərhələsi demək olar başa çatıb və ABŞ prezidenti Donald Trampın sülh planının ikinci mərhələsinin tezliklə işə düşəcəyi gözlənilir.