BAKI, 26 noyabr. TELEQRAF
“Fələstin İslam Cihadı” hərəkatı və HƏMAS Qırmızı Xaç Komitəsinə Qəzza zolağında həlak olmuş israilli girovlardan birinə aid olduğu bildirilən qalıqlarla dolu tabut təhvil verib.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qalıqlar Təl-Əvivdəki Milli Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna göndəriləcək və orada şəxsiyyətin müəyyən edilməsi aparılacaq.
İsrail tərəfi HƏMAS-ı cəsədlərin qaytarılmasını qəsdən ləngitməkdə ittiham edir. Hərəkat isə bildirir ki, dağıntılar arasında qalıqları tapmaq çətindir.
Cəsədin təhvil verilməsi 10 oktyabrda ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs sazişinin birinci mərhələsi çərçivəsində baş tutub.
Hazırda İsrail 22 həlak olmuş vətəndaşının, eləcə də Tailand, Nepal və Tanzaniyadan olan üç əcnəbinin cəsədlərini geri alıb.