BAKI, 25 noyabr. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduro və onun tərəfdarlarını “Cartel de los Soles” adlı xarici terror təşkilatının üzvləri kimi tanıyıb. Bu addım Maduroların aktivləri və mülklərinə qarşı yeni sanksiyaların tətbiqinə yol açır.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Açıqlamada bildirilir ki, “Cartel de los Soles” venesuelalı hərbçilərin bir hissəsinin narkotrafiklə əlaqəli olduğu iddia edilən, mərkəzləşmiş struktura malik olmayan şəbəkədir. Ekspertlərə görə, bu termin klassik mənada cinayətkar qruplaşmadan çox, korrupsiyada ittiham olunan dövlət rəsmilərini təsvir edir.

Təşkilatın terrorçu strukturlar siyahısına salınması ABŞ prezidentinə Maduro və onun yaxın çevrəsinə qarşı əlavə iqtisadi və maliyyə sanksiyaları tətbiq etmək imkanı verir. Bununla belə, hüquqşünaslar qeyd edirlər ki, bu qərar avtomatik olaraq hərbi güc tətbiqinə icazə vermir.

ABŞ administrasiyasından bildirilib ki, bu addım Dövlət Departamentinin terrorizmlə mübarizədə istifadə etdiyi ən ciddi mexanizmlərdən biridir və ölkənin Venesuela daxilində mümkün əməliyyatlar üçün imkanlarını genişləndirir.

Nikolas Maduro və onun hökuməti isə narkotrafikdə iştirak və “Cartel de los Soles”in mövcudluğu ilə bağlı bütün ittihamları dəfələrlə rədd edib.