BAKI, 23 noyabr. TELEQRAF

Serbiya hakimiyyəti ölkənin əsas enerji şirkətlərindən biri olan NIS-in (“Serbiya Neft Sənayesi”) mümkün sahiblik dəyişikliyi ilə bağlı ABŞ-dənm cavabı yaxın iki-üç gün ərzində gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə Serbiyanın mədənçıxarma və energetika naziri Dubravka Cedoviç-Handanoviç şirkətin baş direktoru Kirill Türdenevlə görüşdən sonra bildirib.

Nazirin sözlərinə görə, rəsmi Belqrad ən yaxşı nəticəyə ümid etsə də, bütün riskli ssenarilərə hazır olmalıdır.

“ABŞ-dən cavabı iki-üç günə gözləyirik. Ümid edirik ki, ən yaxşı qərar veriləcək, lakin biz pis ssenariyə də hazır olmalıyıq. Prezident və hökumət ABŞ-lə davamlı əlaqə saxlayır. Mənfi cavab olacağı halda bütün variantlara hazırıq. Vacib olan odur ki, dekabr ayında yanacaq çatışmazlığı olmasın və ehtiyatlarımız tam dolu qalsın”, - nazir bildirib.

Cedoviç-Handanoviç əlavə edib ki, Belqrad mövcud vəziyyətə görə məsuliyyət daşımır, lakin ABŞ-nin mövqeyindən asılı olmayaraq, hökumət çıxış yolunu tapacaq.