BAKI, 21 noyabr. TELEQRAF

Ukrayna ilə ABŞ arasında yeni sülh planı üzrə danışıqlar aparılır, lakin hələlik heç bir razılaşma əldə olunmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, Kiyevdə ABŞ nümayəndə heyəti ilə sülh planı üzrə iş davam edir:

"Mətbuatda yayılan razılaşma və ya bəzi maddələrin çıxarılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil".

Rustem Umerov ABŞ-yə səfərinə toxunaraq bildirib ki, səfər zamanı onun əsas vəzifəsi texniki xarakter daşıyıb, görüşlərin təşkili və dialoqun hazırlanması olub:

"Səfərin məzmunu ilə bağlı yayılan fərziyyələr doğru deyil. Mən heç bir qiymətləndirmə və ya hər hansı maddənin razılaşdırılması barədə açıqlama verməmişəm. Bu, mənim səlahiyyətlərimə daxil deyil və prosedura uyğun deyil".

Xatırladaq ki, ABŞ Ordusunun katibi Daniel Driskoll Kiyevə Prezident Donald Trampın 28 bənddən ibarət yeni sülh planını təqdim etmək üçün Ukraynada səfərdədir.