BAKI, 21 noyabr. TELEQRAF
Koreya Xalq Ordusunun bir qrup hərbçisi çərşənbə günü qısa müddətə Şimali və Cənubi Koreya arasındakı sərhədi pozub.
Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi hökumət mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, şimali koreyalı hərbçilər sərhəd zonasında müəyyən işlər aparırmış. Mənbələr onların sayı və silahlı olub-olmadığı barədə məlumat verməyib.
Cənubi Koreya tərəfi əvvəlcə xüsusi avadanlıq vasitəsilə xəbərdarlıq səsləndirib, daha sonra isə xəbərdarlıq atəşi açıb. Seul bildirib ki, hərəkətlər təlimatlara uyğun şəkildə həyata keçirilib. Hadisədən sonra KXDR hərbçiləri geri qayıdaraq öz ərazilərinə çəkiliblər.