BAKI, 20 noyabr. TELEQRAF
ABŞ administrasiyası Ukraynadakı münaqişənin həlli üçün yeni sülh təklifləri üzərində işləyir və bu prosesdə həm Rusiyanın, həm də Ukraynanın mövqelərini nəzərə alır.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, davamlı sülh əldə etmək üçün tərəflər “ciddi və realist ideyaların ətraflı şəkildə mübadiləsinə” hazır olmalıdır. Rubio qeyd edib ki, həm Moskva, həm də Kiyev müəyyən güzəştlərə getməlidir:
“Daimi sülhə nail olmaq üçün hər iki tərəf çətin, lakin zəruri güzəştləri qəbul etməlidir”.
Dövlət katibi əlavə edib ki, ABŞ tərəflərdən daxil olan məlumatlar əsasında müharibənin dayandırılması ilə bağlı potensial təkliflərin siyahısını hazırlamağa davam edir.