BAKI, 19 noyabr. TELEQRAF
Livan ordusunun baş komandanı general Rudolf Heykalın ABŞ-yə planlaşdırılan səfəri daha sonrakı tarixə təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Asharq al-Awsat" qəzeti yazır.
Nəşr qeyd edir ki, qərar “Hizbullah”ın tərksilah edilməsi prosesinə dair vəziyyətin qeyri-müəyyənliyi və İsrailin təzyiqləri ilə bağlı verilib.
General Heykal Vaşinqtona səfərini bu həftə başlamağı planlaşdırırdı, lakin İsrail tərəfindən Livanın cənubunda sakinlərin evlərinin axtarılmasına dair tələblər gərginliyi artırıb. ABŞ Senatının İsrailyönlü mövqeyi ilə tanınan senatorları Lindsi Qrem və Coni Ernst də Livan ordusunu tənqid edərək ona hərbi yardım ayrılmasının məqsədəuyğunluğuna şübhə ilə yanaşıblar.
Qəzet bildirir ki, vəziyyət tam aydınlaşanadək səfərin yeni tarixi müəyyən edilməyəcək.