BAKI, 27 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Ukrayna münaqişəsinin həlli üzrə təklif etdiyi konsepsiyanı qəbul etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib.
Nazir xatırladıb ki, Alyaskadakı sammitdən əvvəl Trampın xüsusi nümayəndəsi Stiven Uitkof ABŞ-nin Ukrayna üzrə təkliflərini Moskvaya təqdim edib və onlar diqqətlə öyrənilib. Lavrovun sözlərinə görə, Putin hər bir element üzrə detallı məlumat alandan sonra bildirib ki, Rusiya konsepsiyanı qəbul etməyə və praktiki tədbirlərə keçməyə hazırdır.
Eyni zamanda, Lavrov qeyd edib ki, Vaşinqtondan birbaşa cavab alınıb-alınmadığı məlum deyil və tərəflər təklifi düşünmək üçün fasilə götürüblər. Sonradan Tramp konsepsiyanı Avropa müttəfiqləri ilə, Putin isə qonşular, tərəfdaşlar və Rusiya müttəfiqləri ilə müzakirə edib.