BAKI, 20 oktyabr. TELEQRAF

Boliviyada keçirilən prezident seçkilərinin ikinci turunda senator Rodriqo Paz qalib gəlib.

Teleqraf xəbər verir ki, bu barədə rəqəmlər ölkənin Ali Seçki Tribunalının açıqladığı nəticələrdə əksini tapıb.

Məlumata görə, Mərkəzçi Xristian-Demokrat Partiyasının namizədi Rodriqo Paz seçicilərin 54,61 faiz səsini qazanaraq rəqibini geridə qoyub.

Hazırkı prezident Luis Arse sosial şəbəkə “X”də paylaşım edərək yeni seçilmiş dövlət başçısını təbrik edib.

“Mən Rodriqo Paz Pereyranı Boliviyada ilk dəfə keçirilən tarixi ikinci tur nəticəsində prezident seçilməsi münasibətilə təbrik edir və onun hökumətinə uğurlar arzulayıram,” - o yazıb.

Arse əlavə edib ki, bu seçkilərlə hakimiyyətin demokratik yolla bir hökumətdən digərinə ötürülməsi ölkədə son 28 ildə ilk dəfə baş verir.

***

Boliviyanın senatoru Rodriqo Paz ikinci tur prezident seçkilərində öndədir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Məhkəməsinin açıqladığı ilkin nəticələrdə seçici səsverməsinin 97,53%-i üzrə Pasın 54,54% səs topladığı göstərilir.

Onun rəqibi, sabiq prezident (2001–2002) Xorxe Quiroqa 45,46% səs toplayıb. Ali Seçki Məhkəməsinin sədri Oskar Assenteufel bildirib ki, nəticələr ilkin olsa da, "tendensiya geri dönməzdir".

Qeyd edək ki, Rodriqo Paz Boliviyanın sabiq prezidenti Hayme Paz Samoranın oğludur.

Rəsmi andiçmə 8 noyabrda olacaq.