BAKI, 17 oktyabr. TELEQRAF
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya Prezidenti Vladimir Putinin Macarıstana səfərinə mane olmur.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.
O deyib ki, sanksiyalar çərçivəsində Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun aktivləri dondurulub, lakin onların Aİ ərazisinə səfərlərinə qadağa qoyulmayıb.
"Bu baxımdan onların səfərinə heç bir məhdudiyyət yoxdur",- diplomat vurğulayıb.
Aİ rəsmi nümayəndəsi Olof Gill isə əlavə edib ki, Rusiya prezidentinin təyyarəsinin Aİ ölkələrinin hava məkanından keçməsinə icazə verilməsi həmin dövlətlərin hökumətlərinin səlahiyyətindədir.
Xatırladaq ki, oktyabrın 16-da Vladimir Putin və amerikalı həmkarı Donald Tramp Budapeştdə görüş keçirmək barədə razılığa gəliblər.
Görüşün dəqiq tarixi açıqlanmasa da, sammitin yaxın iki həftə ərzində baş tutacağı gözlənilir.