BAKI, 8 avqust. TELEQRAF
BMT ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüş üçün Nyu-Yorkdakı mənzil-qərargahını təqdim etməyə hazırdır, lakin hələlik belə bir sorğu daxil olmayıb.
Teleqraf xəbər verir ki, bu barədə təşkilatın baş katibinin müavini Stefani Trembl brifinqdə məlumat verib.
O qeyd edib ki, BMT-nin mənzil-qərargahında zirvə görüşünün keçirilməsi məsələsi müzakirə olunmayıb.
"Hazırda düşünmürəm ki, bu, görüşü planlaşdıranlar tərəfindən nəzərdən keçirilən bir variantdır", - o bildirib.
Bununla yanaşı, Trembl vurğulayıb ki, BMT-nin qapıları dialoq üçün hər zaman açıqdır.
"Biz həmişə dialoqu təşviq edirik və ümid edirik ki, nəticədə BMT Nizamnaməsinə uyğun olaraq Ukraynada hərbi əməliyyatların dayandırılması istiqamətində irəliləyiş əldə olunacaq", - Trembl əlavə edib.