BAKI, 23 iyul. TELEQRAF
Suriya hakimiyyəti ölkənin cənubundakı Əs-Süveyda əyalətində vəziyyətin gərginləşməsi zamanı törədilən qətlləri araşdırmaq üçün komitə yaradıb və cinayətlərə görə günahkar olan şəxslərin hamısı məsuliyyətə cəlb ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətindəki Müdafiə Nazirliyinin media ilə əlaqələr şöbəsi məlumat yayıb.
Departamentin bəyanatına görə, Müdafiə Nazirliyi Əs-Süveyda şəhərində törədilən qanun pozuntuları hallarını araşdırmaq və onları törədən şəxslərin müəyyən edilməsi üçün komitə yaradıb.
Sənəddə vurğulanır ki, “Əs-Süveyda şəhərində qanun pozuntularına yol vermiş şəxslər müəyyən edildikdən sonra maksimum cəzaya məruz qalacaqlar”.
Müdafiə naziri Murhaf Əbu Qəsrə hərbi qanun pozuntuları komitəsinin araşdırmasına şəxsən nəzarət edəcək. Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq, heç bir cinayətkar azadlıqda qalmayacaq.
Suriyanın keçid hökumətindəki Daxili İşlər Nazirliyi öz növbəsində Əs-Süveyda şəhərində naməlum şəxslər tərəfindən yerdə həyata keçirilən edamları əks etdirən videoların yayılmasını qəti şəkildə pislədiyini bildirib. Bəyanatda vurğulanıb ki, bunlar “qanunla ən ağır cəzalarla cəzalandırılan ağır cinayətlərdir”.