BAKI, 15 iyul. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Tyancin şəhərində keçirilən nazirlər görüşü çərçivəsində görüşüb.

Teleqraf xəbər verir ki, görüşün yekunlarına dair Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Lavrov və Əraqçi Moskva ilə Tehran arasında müxtəlif səviyyələrdə yeni təmasların həyata keçirilməsi barədə razılığa gəliblər.

"Tərəflər, həmçinin, İranın nüvə proqramı ətrafındakı böhranın yalnız siyasi və diplomatik vasitələrlə, beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin vacibliyini vurğulayıblar",- məlumatda deyilir.

Nazirlik qeyd edib ki, görüş zamanı tərəflər regional və beynəlxalq gündəlikdə olan, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsini davam etdiriblər.