BAKI, 9 iyul. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayna şəhərlərinə qarşı indiyədək ən genişmiqyaslı hava hücumunu həyata keçirdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
Onun sözlərinə görə, təkcə bir sutka ərzində 741 hava hədəfi qeydə alınıb, bunlara 728 müxtəlif tipli pilotsuz uçuş aparatı, o cümlədən 300-dən çox “Şahed” və 13 ədəd “Kinjal” və “İsgəndər” raketi daxildir.
Zelenski qeyd edib ki, hədəflərin əksəriyyəti Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub:
“Əksər hədəflər məhv edildi. Döyüşçülərimizin dəqiqliyinə görə təşəkkür edirəm".
Zelenski bu hücumun təsadüfi olmadığını vurğulayıb:
“Bu hücum elə bir vaxtda baş verir ki, sülhün və atəşkəsin əldə olunması üçün müxtəlif səylər göstərilir. Amma bu səylərə yalnız Rusiya rədd cavabı verir. Bu, bir daha sübut edir ki, Moskvanın müharibə maşınını maliyyələşdirən neft ixracına qarşı sərt sanksiyalara ehtiyac var".
Ukrayna lideri həmçinin həmin nefti alan və bununla da bu müharibəni dolayı yolla maliyyələşdirən ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın tərəfdaşları Rusiyanı müharibəni dayandırmağa məcbur edəcək təzyiq mexanizmlərinə malikdir.


