BAKI, 8 iyul. TELEQRAF
İsrail tam suveren Fələstin dövlətinin yaradılmasına və ona əsas səlahiyyətlərin, ilk növbədə təhlükəsizlik sahəsində səlahiyyətlərin verilməsinə razı olmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Hesab edirəm ki, fələstinlilərin özünüidarəetmə üçün bütün səlahiyyətləri olmalıdır, lakin bizi təhdid etmək üçün heç bir səlahiyyəti olmamalıdır. Bu o deməkdir ki, müəyyən səlahiyyətlər, məsələn, təhlükəsizliklə bağlı səlahiyyətlər, həmişə bizim əlimizdə qalacaq”, - hökumət başçısı Yaxın Şərq məsələsinin iki dövlətli həll yolunu mümkün hesab edib-etmədiyi barədə sualı cavablandırarkən deyib.
“Fakt bundan ibarətdir. İsraildə heç kim başqa varianta razı olmayacaq, çünki biz intihar etmək niyyətində deyilik. Biz elə bir sülh yaratmaq istəyirik ki, orada bizim təhlükəsizliyimiz, təhlükəsizlik sahəsində suveren səlahiyyətlərimiz hər zaman öz əlimizdə olsun”, - baş nazir söyləyib.
Onun fikrincə, hazırda Yaxın Şərqdə İsrailin “bütün qonşularını” əhatə edən “çox geniş sülh” imkanı mövcuddur.
Tramp isə Fələstin-İsrail münaqişəsinin iki dövlətli həlli imkanı ilə bağlı sualı cavablandırmaqdan yayınıb. "Bilmirəm. Bu sualı Bibiyə (Binyamin Netanyahuya - red.) verin", - ABŞ Prezidenti bildirib.