BAKI, 7 iyul. TELEQRAF

İsrail və radikal HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəslə bağlı danışıqların birinci raundu uğursuzluqla başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News Arabia" kanalı Fələstin rəsmilərinə istinadən məlumat yayıb.

İyunun 6-da axşam saatlarında Dohada İsrail və HƏMAS nümayəndələrinin iştirakı ilə danışıqlar davam etdirilib. Telekanalın mənbələrinə görə, İsrail nümayəndə heyətinin Fələstin hərəkatı ilə “müqavilə bağlamaq səlahiyyəti olmadığından” münaqişə tərəfləri atəşkəsin şərtlərini müəyyən edə bilməyib.

İyulun 4-də Həmas vasitəçilərə 60 günlük atəşkəs, 10 girovun azad edilməsi və 18 qurbanın qalıqlarının təhvil verilməsini nəzərdə tutan təklif olunan plana müsbət cavab verib. Müqavilə layihəsində həmçinin atəşkəs qüvvəyə mindikdən sonra müharibənin yekunlaşması və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması ilə bağlı danışıqlara başlanılması nəzərdə tutulur.
Danışıqların birinci raundu İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona gözlənilən səfəri fonunda baş tutub.

***

01.47

Qətərdə Qəzza ilə bağlı danışıqların yeni mərhələsi başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Araby” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında danışıqlar əmirliyin paytaxtı Dohada keçirilir.

Qətərin vasitəçiliyi ilə keçiriləcək məsləhətləşmələrdə atəşkəs razılaşmasının həyata keçirilməsi mexanizmi və Qəzzada saxlanılan israilli girovların İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslarla dəyişdirilməsi müzakirə olunacaq.