BAKI, 21 iyun. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyanın Erməni Apostol Kilsəsi ilə bağlı dediyi sözlər baş nazirə yaraşmır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-dəki erməni diasporunun tanınmış nümayəndəsi Harut Sasunyan biznesmen və xeyriyyəçi Samvel Karapetyanın həbsindən danışarkən deyib.

O bildirib: "Baş nazir konstitusiyaya zidd qanunsuz hərəkətlər etməsi ilə yanaşı, din xadimlərinə qarşı da çox vulqar və kobud ifadələr işlədir. Bu, hökumət başçısı üçün çox ədəbsizdir".

Onun fikrincə, N.Paşinyan nümunə göstərməli, əgər nə iləsə razılaşmırsa, bunu nəzakətli və düzgün sözlərlə ifadə etməli, kobud ifadələr işlətməməlidir. Sasunyan əlavə edib ki, onun kilsənin işlərinə qarışmaq hüququ yoxdur.

H.Sasunyan bildirib ki, N.Paşinyan bundan əvvəl də sosial şəbəkələrdə kilsənin ruhaniləri və xeyriyyəçilərinin ünvanına bir neçə təhqir yazıb və S.Karapetyan hakimiyyətin hücumları fonunda Erməni Apostol Kilsəsini dəstəklədiyini bəyan etdikdən sonra ona qarşı ittiham irəli sürülüb və həbs edilib.

***

05.53

ABŞ-dəki erməni diasporunun nümayəndəsi, “California Courier” qəzetinin baş redaktoru Harut Sasunyan Ermənistan Baş naziri Nikol Paşinyanın özünü diktator kimi apardığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Sasunyan “RİA Novosti”yə açıqlamasında deyib.

Diaspor nümayəndəsi Paşinyanı erməniəsilli iş adamı Samvel Karapetyanı günahsız həbs etdirməkdə ittiham edib: “Paşinyan kilsənin işlərinə qarışmaq hüququna malik deyil. Ermənistan konstitusiyasına görə, kilsə dövlətdən ayrılıb. Baş nazir qanunları pozaraq, kilsənin işlərinə birbaşa təsir göstərməyə çalışır. Onun hərəkətlərini tənqid edənləri uydurma bəhanələrlə təqib edir”.