BAKI, 15 iyun. TELEQRAF
İsrail xarici işlər naziri (XİN) Gideon Saar və alman həmkarı Yohan Vadeful arasında telefon danışığı baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb.
Danışıq zamanı Saar bildirib ki, İsrail ordusunun İrandakı əməliyyatı davam edəcək və hələ də yerinə yetirilməli olan mühüm hədəflər var.
O bildirib ki, İran qəsdən mülki insanları hədəfə alır və bu, beynəlxalq hüquqla tamamilə qadağandır:
"İsrail isə hərbi obyektlərə və İranın nüvə proqramı ilə məşğul olmağa fokuslanıb".
O, həmçinin Almaniyanın İsrailə verdiyi dəstəyə görə həmkarına təşəkkür edib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və doqquz nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.
İran iyunun 14-ündə gecə saatlarında “Əsl vəd-3” adı altında paytaxt Təl-Əviv şəhəri İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirib.