BAKI, 1 iyun. TELEQRAF

UEFA Çempionlar Liqasının (ÇL) finalında PSJ-nin “İnter” üzərində 5:0 hesablı qələbəsindən sonra Parisdə fransalı azarkeşlər kütləvi iğtişaşlar törədib.

Teleqraf “RMC Sport”a istinadən xəbər verir ki, iğtişaşlar əsasən şəhərin mərkəzində baş verib.

Bildirilir ki, əlliyə yaxın adam avtobusun arxa şüşəsini sındırıb. Avtomobildə olan sürücü xəsarət almayıb. Yelisey meydanında avtomobil yandırılıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb. Port de Sen-Kluda iki avtomobil yanıb. Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Polisin son məlumatlarına görə, iğtişaşlar zamanı Parisdə 294 nəfər həbs edilib.

***

04:19

Paris polisi UEFA Çempionlar Liqasının (ÇL) finalından sonra iğtişaşlarda iştirak edən 68 futbol azarkeşini həbs edib.

Teleqraf xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən BFMTV kanalı məlumat yayıb.

Qeyd olunur ki, aqressiv azarkeşlər Paris dairəvi yolunu bağlamağa cəhd ediblər.

Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Bruno Retallonun sözlərinə görə, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına “sərt davranmaq” əmri verib.

Paris küçələrində təhlükəsizliyi 5400-ə yaxın polis və jandarm təmin edir.

Yada salaq ki, Fransanın PSJ klubu tarixində ilk dəfə ÇL-in qalibi olub. Münhendə keçirilən final oyununda parislilər İtaliya "İnter"ini 5:0 hesabı ilə məğlub edib.