BAKI, 31 may. TELEQRAF

Əgər Çin Şimali Koreyanın Rusiya-Ukrayna müharibəsində iştirakına mane olmasa, NATO Asiyada öz mövcudluğunu gücləndirə bilər.

Teleqraf “Politico”ya istinadən xəbər verir ki, bu bəyanatla Fransa Prezidenti Emmanuel Makron çıxış edib.

"Şimali Koreyanın Ukraynada olması hamımız üçün ciddi məsələdir. Əgər Çin NATO-nu Cənub-Şərqi Asiyada görmək istəmirsə, KXDR-in Avropa torpağına cəlb olunmasının qarşısını almalıdır", - o, Sinqapurda keçirilən müdafiə sammitində bildirib.

Fransanın ənənəvi olaraq NATO-nun Asiyada təsirinin genişlənməsinə qarşı çıxdığını xatırladan Makron rəsmi Parisin öz mövqeyini yenidən nəzərdən keçirə biləcəyini bildirib.

Onun sözlərinə görə, şimali koreyalı hərbçilər ikitərəfli hərbi saziş çərçivəsində Kremli dəstəkləyirlər, Moskva isə Kursk uğrunda döyüşlərdə onlardan istifadə edir.

Fransız lider həmçinin nüvə silahının yayılması riski və İkinci Dünya müharibəsindən sonra yaradılmış dünya arxitekturasının dağılması təhlükəsi barədə xəbərdarlıq edib.

Makron Asiya ölkələrini nə ABŞ-dən, nə də Çindən asılı olmamağa çağırıb:

"Fransa strateji muxtariyyət və suverenlik prinsiplərinə sadiqdir. Biz bu yanaşmanı həm Avropa, həm də Hind-Sakit okean regionu üçün müdafiə edirik".