BAKI, 25 may. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün bir neçə sanksiya paketi tətbiq edib.
Teleqraf xəbər verir ki, o öz sosial şəbəkə hesabında bu barədə yazıb.
Prezident bildirib: "Birinci sanksiya paketi Rusiyanın terror fəaliyyətinin maliyyələşdirilməsində, maliyyə fırıldaqlarında və Rusiya Federasiyasının maraqlarına uyğun olaraq sanksiyalardan yayınma sxemlərində iştirak edən rusiyalı şəxslərə qarşıdır. İkinci paket yalanları ilə Rusiyanın Ukraynaya hücumlarını gücləndirən təbliğatçıları əhatə edir. Üçüncü sanksiya paketi isə Putin rejiminin qurulmasına əhəmiyyətli dərəcədə kömək edən və hələ də onunla əlaqəli olan rus mafiya qruplarının nümayəndələrinə qarşı nəzərdə tutulub".
Ukrayna Prezidenti onu da qeyd edib ki, bu sanksiyaları "Avropa İttifaqının və digər əsas qlobal yurisdiksiyaların sanksiya rejimləri ilə sinxronlaşdırmağa" çalışır.
O, Ukraynanın yeni sanksiyalar hazırladığını da bildirib: "Onların hədəfi tamamilə aydındır: bunlar Rusiya və onunla əlaqəli olan, müharibə üçün işləyən, həmçinin Moskva rejiminin arxalandığı fiziki və hüquqi şəxslərdir".
V.Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni qərarlarının da tezliklə təqdim ediləcəyini yazıb.
Qeyd edək ki, bu gün Vladimir Zelenski Çeçenistan lideri Ramzan Kadırovun köməkçisi Əhməd Dudayev də daxil olmaqla 10 nəfərə qarşı sanksiya tətbiq edib.
Kiyevin qoyduğu məhdudiyyətlər arasında “Motor Sich” müəssisəsinin keçmiş rəhbərinin oğlu Aleksandr Boquslayev, Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk (Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxildir), “PIN-UP” kazinosunun sahibləri Dmitri Banderov, həmçinin A.Punikov, Matyaşov və İvannikov, o cümlədən digər şəxslər də var. Sanksiyalar Ukrayna, Kipr və s. ölkələrdə yerləşən şirkətləri də əhatə edib.