BAKI, 23 may. TELEQRAF

Əfqanıstanda 40 il yaşamış keçmiş sovet hərbçisi Sergey Krasnoperov Rusiyaya qayıdıb və Kurqan vilayətində yaşayan anası ilə görüşüb.

Teleqraf xəbər verir ki, yaşlı qadın emosiyalarını çətinliklə saxlayıb.

"Heç olmasa qucaqlaşaq, mənim şirin balam", - o, 40 il sonra görüşdüyü oğluna deyib.

Qeyd edək ki, Krasnoperov SSRİ qoşunlarının tərkibində Əfqanıstana gəlib. 1985-ci ildə o, xidmət yoldaşları ilə mübahisədən sonra hərbi hissəni tərk edib, daha sonra əfqan silahlı müxalifətinə əsir düşüb. Əfqanıstanda o, islamı qəbul edib, adını Nurmomad olaraq dəyişdirib və yerli qadınla evlənib. Altı övladı olan Sergey Krasnoperov yerli elektrik stansiyasında işləyir.