BAKI, 25 aprel. TELEQRAF

"Bugünkü sülhməramlı əməliyyatlar İkinci Dünya müharibəsindən bəri ən gərgin dövlətdaxili və dövlətlərarası münaqişə ilə üzləşir".

Teleqraf xəbər verir ki, bunu BMT Baş Katibinin Sülh Əməliyyatları üzrə müavini Jan-Pier Lakroix deyib.

Lakroix mayın 13-14-də Berlində keçiriləcək sülhməramlı nazirlər toplantısı ilə bağlı BMT binasında mətbuata açıqlama verib.

O, sülhməramlı missiyaların indi daha mürəkkəb və bir-birinə qarışmış münaqişə mühitlərində fəaliyyət göstərdiyini bildirib.

"Sülhü təhdid edən amillər olduqca müxtəlifdir. Transmilli mütəşəkkil cinayət şəbəkələri və iqlim dəyişikliyinin təsirləri sülhməramlı fəaliyyətlərə getdikcə təsir edir", - Jan- Pier vurğulayıb.