BAKI, 19 aprel. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-İran danışıqlarının ikinci raundu ilə əlaqədar İtaliyanın paytaxtı Romaya gəlib.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.

Tehran və Vaşinqton arasında keçiriləcək danışıqlar zamanı əsas müzakirə mövzuları nüvə məsələsi və İrana qarşı tətbiq olunan birtərəfli sanksiyaların aradan qaldırılması olacaq.

Danışıqlar ötən həftə olduğu kimi bu dəfə də Omanın vasitəçiliyi ilə həyata keçiriləcək.

Xatırladaq ki, tərəflər arasında danışıqların ilk raundu aprelin 12-də Omanın paytaxtı Maskat şəhərində baş tutub.

İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş bir neçə dəqiqə davam edib.