BAKI, 19 aprel. TELEQRAF

Türkiyə, İspaniya, Almaniya, Hollandiya və Belçikada eyni vaxtda keçirilən “Orkinos-Bulut” əməliyyatı çərçivəsində beynəlxalq narkotik şəbəkəsinə qarşı genişmiqyaslı tədbir həyata keçirilib.

Teleqraf xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin koordinasiyası ilə Narkotiklərlə Mübarizə Baş İdarəsi, İstanbul Təhlükəsizlik İdarəsi, Mali Cinayətlərin Araşdırılması İdarəsi, İnterpol, Europol və Avropa ölkələrinin polis qüvvələrinin iştirakı ilə ümumilikdə 24 vilayətdə əməliyyat keçirilib.

İstintaq orqanları 97 nəfərin həbsini, 18 nəfərin isə məhkəmə nəzarətinə verilməsini tələb edib. Məhkəmənin qərarına əsasən, 89 nəfər həbs edilib, 26 nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Əməliyyat zamanı ümumilikdə 21 ton 251 kiloqram narkotik vasitə və 3 milyon 320 min ədəd narkotik tərkibli həblə yanaşı, 13 milyard lirə (təxminən 730 milyon AZN) dəyərində əmlaka həbs qoyulub.

Əlavə olaraq, Balıkəsirdə sintetik narkotik istehsal edən laboratoriya aşkarlanıb, buradan külli miqdarda narkotik, silah, pul və sənədlər götürülüb.