BAKI, 20 mart. TELEQRAF

ABŞ immiqrasiya xidmətinin əməkdaşları fransalı alimi ölkədən deportasiya edib.

Teleqraf xəbər verir ki, bu barədə “Le Monde” nəşrində yazı dərc olunub.

Məlumata görə, sözügedən şəxs Hyuston şəhərindəki konfransa gedərkən sərhəd işçiləri onu təsadüfi şəkildə yoxlama üçün kənara çəkiblər.

Bundan sonra alimin telefonunda və kompüterində yoxlamalar aparılıb. Həmin şəxsin telefonunda Prezident Donald Trampla bağlı tənqidi mesajlar tapılıb.

Əldə edilən məlumatlar “terrorizmə cəhd” xarakterli mesaj kimi qiymətləndirilib və tədqiqatçının ABŞ-yə girişinə icazə verilməyib.

Avadanlıqları əlindən alınan şəxs Avropaya geri göndərilib.

Rəsmi Paris Trampın siyasəti ilə bağlı şəxsi fikrini ifadə etdiyinə görə ABŞ hökumətinin tədqiqatçını deportasiya etmək qərarını pisləyib.