BAKI, 11 fevral. TELEQRAF

Böyük bir sərvəti bilmədən zibilliyə atdı.

Uelsdə təsadüfən bir bələdiyyə zibilxanasına atılan və bu gün təxminən 600 milyon funt-sterlinq (741.7 milyon dollar) dəyərində olduğu təxmin edilən bitkoinləri tapmaq üçün on ildir mübarizə aparan Ceyms Haulles son çarə olaraq zibilxananı satın almağı düşünür.

Teleqraf xəbər verir ki, ötən ay Böyük Britaniya Ali Məhkəməsində Nyuport bələdiyyəsinə qarşı qaldırdığı işdə uduzan Haulles zibilxanada axtarış aparmaq hüququ əldə edə bilməyib. Amma bələdiyyənin zibilxananı bağlamaq qərarı prosesə yeni rəng qatıb. 39 yaşlı Haulles bələdiyyənin zibilxananı bağlamaq qərarının onun üçün böyük sürpriz olduğunu söyləyib.

Şəhər rəsmilərinin Ali Məhkəmədə zibilxananın bağlanmasının Nyuport əhalisinə böyük ziyan vuracağını dediklərini xatırladan Haulles qeyd edib: “İndi də axtarış aparmağa icazə vermədən onu bağlamağa hazırlaşırlar”.

Bələdiyyə ərazinin bir hissəsini günəş elektrik stansiyasına çevirmək üçün lazımi icazələri alıb. Bu, itirilmiş bitkoinləri tapmaq imkanını daha da çətinləşdirir. 2013-cü ilin yayında Haulles təsadüfən bitkoin olan diski zibilliyə atıb. O vaxtdan bəri diski tapmaqda kömək üçün bələdiyyəyə çoxsaylı müraciətlər edib. Hətta pulun bir hissəsini bələdiyyə ilə bölüşdürmək təklifi verib. Ancaq Nyuport bələdiyyəsi zibilliyə atılan hər şeyin artıq ona aid olduğunu əsas gətirərək, müraciəti rədd edib. Məhkəmə də bələdiyyənin arqumentini qəbul edərək, Haullesin axtarış aparmaq hüququnun olmadığına qərar verib.