Pakistanın Xeybər-Paxtunxva əyalətinin Banda Davud Şah qəsəbəsində insanlar təbii qazı mədəndən neylon torbalarla birbaş evlərinə daşıyırlar.
Teleqraf.com xəbər verir ki, qəsəbə sakinləri yer səthinə yaxın mənbədən çıxan təbii qazdan illərdir primitiv üsullarla istifadə edirlər.
İnfrastrukturun olmadığı bölgədə təbii qazı çıxarmaq üçün şlanq dada çatır, ölçü vahidi də kubmetr deyil, 25 sentlik neylon torbalardır.
Yoxsulluğun geniş yayıldığı bölgədə insanlar imkansızlıq ucbatından təbii qazın hasilatı, nəqli və ölçülməsi üçün öz “qurğularını” inkişaf etdiriblər.
Qəsəbənin girişindəki “daxma emalı zavodu”ndan əllərində “uçan şarlar”la qaçan uşaqlar diqqət çəkir. Bu nəhəng silindrli torbalar ilk baxışdan uşaq əyləncəsi kimi görünsə də, əslində əhalinin yemək bişirdiyi yanacaqdır.
Yerli sakinlər “uçan şara” bənzəyən bu əyləncəli daşıma üsulunun təhlükələrindən xəbərdardır. Bu səbəbdən bölgədə əvvəllər də çoxlu ölüm və xəsarət halları baş verib. Bununla belə, əhali 5-10 min Pakistan rupisi (təxminən 37-74 manat) dəyərində olan qaz balonları əvəzinə 70-80 faiz ucuz olan “uçan şarlara” üstünlük verirlər.
Qəsəbə sakinləri təbii qazı öz torpaqlarından çıxardıqları üçün pul ödəmirlər.
Torpaqlarında təbii qazı olmayanlar ehtiyaclarını şəhərdən kənarda tikilmiş daxmadan ödəyirlər.
20 dəqiqədə dolur, 2 saatda boşalır
Torpağa basdırılmış şlanq vasitəsilə çıxarılan təbii qazın sızmasını önləmək üçün torbaların ağzına kiçik klapan yerləşdirilir. Neylon torba uçan şar kimi havaya qalxmasın deyə onun digər ucu yerdə daşa bağlanır.
Bir torba orta hesabla 20-25 dəqiqəyə doldurulur. “Torba qazını” evlərdə istifadə etmək üçün 2000 rupi (təxminən 15 manat) dəyərində elektrik nasosu kifayət edir. Bu nasos vasitəsi ilə ev sobalarında kisə qazından yemək bişirmək mümkündür. Bir kisə qaz 2 saat sərfiyyata bərabərdir.
Torbadan iqtisadiyyat, həyatdan qənaət...
Uşaqların təbii qazı torbalarda evlərinə daşıması azmış kimi, bəzi neylon torbalardakı kiçik yamaqlar da diqqət çəkir. Üzərindəki yamaqlara baxanda torbalardan dəfələrlə istifadə edildiyi anlaşılır.
Torbadan “mavi yanacaq” sızarsa, zəhərlənmə riski çox yüksəkdir, çünki qazda qoxulu kükürd tərkibli maddə yoxdur.
Evdə təbii qazın torba balonlardan kiçik elektrik nasosu ilə sobaya ötürülməsi prosesi də böyük təhlükədən xəbər verir. Ona görə də 2 saatlıq yemək bişirmək qəsəbə sakinləri üçün ölüm-dirim məsələsidir.