BAKI. 12 aprel. TELEQRAF

"UFC turnirinin Bakıda keçirilməsi Azərbaycanın regional lider kimi inkişafı yönündə səylərimizin daha bir mühüm mərhələsidir".

Teleqraf-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin əvəzolunmaz dəstəyi və diqqəti, həmçinin onun uğurlu idman siyasəti sayəsində Azərbaycan beynəlxalq ad-san qazanıb, Bakı şəhəri isə nəhəng beynəlxalq idman tədbirlərinin aparıcı mərkəzi kimi təsdiqlənib.

Nazirin sözlərinə görə, UFC ilə bu tərəfdaşlıq idmanın inkişafına və beynəlxalq əməkdaşlığa sadiqliyi nümayiş etdirərək, qlobal idman mərkəzi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirir.

UFC prezidenti Dana Uayt isə hesab edir ki, Azərbaycan və Bakı qlobal idman tədbirlərinin keçirilməsində inanılmaz təcrübəyə malikdir: "Bizim bu regiondan bir çox görkəmli döyüşçümüz var. Nəticədə Bakı növbəti inkişaf mərhələsi üçün yeganə seçim oldu. Mən debüt turnirini iyunun 21-də təqdim etməyə şadam".

UFC-nin vitse-prezidenti və UFC Eurasia-nın baş direktoru Andrey Qromovski son 6 ildə ilk dəfə UFC turnirinin Avrasiya regionunda təşkilindən məmnunluğunu ifadə edib: "Bir neçə ildir üzərində işlədiyimiz bu tərəfdaşlıq regionda inkişaf strategiyamızın aparıcı elementidir".