
BAKI, 17 fevral. TELEQRAF
"Hədəfimiz dünya çempionatında yaxşı iştirak edərək medallar qazanmaqdır".
Teleqraf xəbər verir ki, bu sözləri qadın boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi İlkin Ağayev deyib.
36 yaşlı mütəxəssis bildirib ki, federasiya xüsusi diqqət yetirdiyi qadın boksunun inkişaf etdirilməsini qarşıya məqsəd qoyub: "Biz də qadın boksçulara xüsusi diqqət göstəririk. Komanda hazırda martda keçiriləcək dünya çempionatına hazırlaşır. İlk olaraq Şəkidə fiziki hazırlıq üçün təlim-məşq toplanışı keçirdik. Daha sonra Serbiyada beynəlxalq turnirdə iştirak etdik. Orada yaxşı boksçular var idi, bizim təmsilçilərimiz də yaxşı çıxış etdilər. Hazırda Bakıda toplanışa davam edirik. Növbəti hədəfimiz dünya çempionatında yaxşı iştirak edərək medallar qazanmaqdır".
Qeyd edək ki, qadınlar arasında boks üzrə dünya çempionatı 8 - 17 martda Serbiyada keçiriləcək.