BAKI. 17 fevral. TELEQRAF

Cüdo üzrə Avropa, dünya və olimpiya çempionu Zelim Kotsoyevin Teleqraf-a müsahibəsi:

- Bakıda keçirilmiş Böyük Dəbilqə haqqında düşüncələriniz necədir?

- Çox şadam ki, hər il bizə belə bir bayram bəxş edirlər. Bu yarışda qızıl medal qazanmağımız da sevindiricidir. Dostum və komanda yoldaşım Zelim Tskayev hamını sevindirdi.

- Karyeranızda nə kimi yeniliklər var?

- Hər şey normal rejimdədir. Gündə iki dəfə məşq edirəm. 23 - 25 apreldə Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək Avropa çempionatına hazırlaşıram. Vaxt azdır.

- Olimpiadadan sonra həyatınızda nə dəyişdi?

- İstirahətdə təxminən 5 kq kökəlmişəm (gülür).

- Bəs Avropa çempionatında Hidayət Heydərovun da iştirak edib-etməyəcəyini bilirsinizmi?

- Bilmirəm. Özü səhər və axşam idman zalında məşq edir. Amma onun planlarından xəbərim yoxdur.

- Məşq planınızda hansısa dəyişikliklər varmı?

- Ciddi dəyişikliklər olmadı. Çox savadlı məşqçi heyətimiz var. Bizə deyilən hər şeyi edir, onlara güvənirik.

- Böyük məşqçiniz Elxan Məmmədovdur...

- Bəli, mənim üçün daha yaxşıdır. Elxan müəllim mənə çox kömək edir. Həm də bizə plan, motivasiya edən, yol göstərən, səhvlərimizi düzəldən baş məşqçi Riçard Trautmanın adını qeyd etmək istərdim. Çox güclü məşqçi heyətimiz var. Bunda bəxtimiz gətirdi. Bir çox şeyin qaydasında olması federasiyamızın sayəsindədir.

- Hələ ikiqat olimpiya çempionumuz yoxdur...

- Hidayətlə məni ən çox motivasiya edən də budur. Biz ikinci olimpiya çempionluğunu birincidən daha çox qazanmaq istəyirik, ona görə də indi Los-Anceles-2028 Yay Olimpiya Oyunlarından iki qızıl gətirmək üçün əlimizdən gələni edəcəyik.