
BAKI, 14 fevral. TELEQRAF
Azərbaycanın üç cüdoçusu Bakıda start götürən Böyük Dəbilqə turnirində medal görüşlərinə vəsiqə qazanıb.
Teleqraf-ın məlumatına görə, Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq) və Elşən Əsədov (66 kq) mübarizəni davam etdirmək hüququ əldə ediblər.
Ağayev ilk görüşündə monqolustanlı Mendsayxan Nyamsureni məğlub etsə də, 1/4 finalda Ukrayna təmsilçisi Dilşod Xalmatova uduzub. Lakin o, təsəlliverici qarşılaşmada almaniyalı Maksimilian Heyderə qalib gəlib. 27 yaşlı idmançı bürünc medal uğrunda görüşdə belçikalı Yorre Verstraeten ilə üz-üzə gələcək.
Yusifov isə ilk cəhdində özbəkistanlı Anvarjon İbrohimovu yenib. Lakin o, 1/4 finalda yaponiyalı Taiki Nakamuraya uduzaraq, təsəlliverici görüşə çıxıb. Bu qarşılaşmasında isə 25 yaşlı cüdoçu niderlandlı Emiel Yarinqə qalib gəlib. Yusifov bürünc medal görüşündə Dilşot Xalmatovla qarşılaşacaq.
Əsədov isə ardıcıl olaraq, özbəkistanlı Zamoşari Bexmurodov, serbiyalı Straxinya Bunçiç və ispaniyalı David Qarsiyanı üstələsə də, yarımfinalda yaponiyalı Takeşi Takeokaya yenilib. 22 yaşlı cüdoçu bürünc medal görüşündə özbəkistanlı Azizbek Ortikovla münasibətlərinə aydınlıq gətirəcək.
Qadınların yarışında isə ən yüksək nəticəni 57 kq çəki dərəcəsində Fidan Əlizadə göstərib. O, sloveniyalı Yevqeniya Qayiçi keçsə də, 1/4 final mərhələsində serbiyalı Marika Perişiçə uduzub. 19 yaşlı idmançı bürünc medal uğrunda təsəlliverici görüşdə isə almaniyalı Seyja Ballhausa məğlub olaraq, 7-ci yeri tutub.
Azərbaycanın 4 kişi və 4 qadın cüdoçusu isə daha erkən mərhələlərdə uduzaraq, mübarizəni dayandırıb.
Medal görüşləri saat 17:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan yığmasının qalan 20 cüdoçusu 15-16 fevralda mübarizə aparacaq.