BAKI, 11 fevral. TELEQRAF

Güləş üzrə Azərbaycan milli komandaları hazırlıq mərhələsinə qədəm qoyub.

Teleqraf Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə yığma reytinq turnirindən sonra Xorvatiyada qalaraq təlim-məşq toplanışına start verib.

Zaqrebdən Poreçə yollanan komanda fevralın 22-dək bu şəhərdə hazırlıq prosesi keçəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 20 güləşçi müxtəlif ölkələrin komandaları ilə birlikdə təşkil edilən toplanışda iştirak edir. Reytinq turnirində zədələnərək qulağından əməliyyat olunan Həsrət Cəfərov vətənə qayıdıb. İkiqat Avropa çempionu, dünya və olimpiya mükafatçısı ən azı 10 gün bərpa prosesi keçməlidir. Yalnız bundan sonra həkimlərin rəyinə əsasən, fərdi məşqlərə başlaya bilər.

Qadın güləşi üzrə komanda Xorvatiyadan Macarıstana yola düşüb. Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 10 güləşçi Tatada keçirilən hazırlıq prosesinə cəlb edilib. Fevralın 9-da start götürən toplanış ayın 22-dək davam edəcək.

Sərbəst güləş üzrə milli isə Rusiyanın Vladiqafqaz şəhərinə üz tutub. Şimali Osetiyanın paytaxtında keçiriləcək təlim-məşq toplanışı fevralın 26-dək davam edəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında 24 güləşçi toplanışda yer alır.

Hər üç millinin hazırlıq prosesi əsasən taktiki-texniki çalışmaların üzərində qurulub. Ölkə xaricində keçirilən toplanışlar 8 - 14 martda Albaniyada baş tutacaq U-23 Avropa çempionatı və 7 - 13 apreldə Slovakiyada təşkil ediləcək böyüklərin Avropa çempionatına hazırlıq xarakteri daşıyır.