BAKI, 7 fevral. TELEQRAF

Bakıda keçiriləcək Böyük Dəbilqə yarışında 38 ölkədən 281 cüdoçu iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu jurnalistlərə açıqlamasında bildirib.

Federasiya rəsmisi Azərbaycan paytaxtına güclü cüdoçuların təşrif buyuracaqlarını bildirib: "Bahreyn komandası artıq Bakıdadır. Yaponiya yığması isə yoldadır. Bu yarış apreldə Avropa çempionatı, iyunda dünya çempionatı və ilin sonunda İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır. İnanırıq ki, Böyük Dəbilqən idmançılarımızın hər 3 yarışa hazırlıq səviyyəsinin artmasına böyük dəstəyi olacaq".

Rəsullu Azərbaycan yığmasının Böyük Dəbilqəyə Fransanın paytaxtı Parisdə hazırlaşdığını xatırladıb. Onun sözlərinə görə, təlim-məşq toplanışı yaxşı keçib.

Qeyd edək ki, Böyük Dəbilqə 14 - 16 fevralda Milli Gimnastika Arenasında təşkil olunacaq.