![](https://teleqraf.az/storage/2025/02/08/715x378/uww.jpg)
BAKI, 8 fevral. TELEQRAF
Rusiya güləşçiləri turnirlərdə Dünya Güləş Birliyinin (UWW) bayrağı altında mübarizə aparacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Milli Komandalarının İdman Hazırlığı Mərkəzinin direktoru Georgi Bryusov bildirib.
“İdman naziri, Rusiya Olimpiya Komitəsinin prezidenti Mixail Deqtyarev tapşırığı ilə Zaqrebdəyəm. İlin ilk UWW reytinq turniri Xorvatiyanın paytaxtında bir çox milli güləş federasiyalarının rəhbərlərini bir araya gətirdi. Sentyabrda Olimpiya tsiklində ilk dünya çempionatına məhz "Zaqreb Arena" ev sahibliyi edəcək.
Fevralın 5-də UWW Bürosunun iclasında yeni olimpiya komissiyalarının tərkibi təsdiqləndi. Onların arasında Rusiyadan olan 7 nümayəndə də var. Həmçinin Büronun qərarı ilə Zaqrebdəki turnirdən başlayaraq güləşçilərimiz UWW bayrağı altında yarışacaqlar. Bu, irəliyə doğru atılmış mühüm addımdır", - deyə Bryusov şəxsi teleqram kanalında yazıb.
Qeyd edək ki, 2023-cü ildə UWW İcraiyyə Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarına uyğun olaraq, Rusiya və Belarus pəhləvanlarının beynəlxalq yarışlara bitərəf kimi buraxılması barədə qərar qəbul edib.